7 Şubat 2017 Salı

Repetitorlara Milli Məclisdən zərbə

Asim Mollazadə: “İstənilən halda insan amilini ön plana çəkməliyik. Bu həm də gələcəyin güclü kadr potensialı deməkdir”

“Repetitor mərhələsinin tədricən sıradan çıxması üçün orta məktəbin təhsil sistemini gücləndirməliyik”


"Peşə təhsili ilə bağlı məsələ birinci oxunuşdan keçəndən sonra orta ümumtəhsil məsələləri də müzakirəyə çıxarılacaq”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse- prezidenti İsa Həbibbəyli deyib. O həmçinin, Milli Məclisdə 7 il bundan qabaq qəbul olunan "Təhsil haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması barədə də danışıb: "Bundan sonra orta ümumtəhsil məktəbləri, uşaq bağçaları və ali təhsillə bağlı məsələlər müzakirə edilib qəbul olunacaq.

Artıq bağçalarla bağlı məsələ parlamentin birinci oxunuşundan keçib. Peşə təhsili ilə bağlı məsələ üzərində iş gedir. Milli Məclisdə qeyd olunan məsələlər komitənin gündəmindədir. Elm və təhsil komitəsi, qaldırılan bütün məsələlərlə bağlı müvafiq sənədlər toplayıb işə başlayacaq”. Məlumat üçün bildirək ki, 7 il əvvəl qəbul olunsa da, ötən müddət ərzində "Təhsil haqqında” qanun layihəsini parlamentdə geniş müzakirəyə çıxarmaq mümkün olmayıb. Eyni zamanda bəzi ekspertlər elm və təhsil sahəsində mövcud olan problemlərin səbəbini qanundakı boşluqlarla əlaqələndiriblər. Onların fikrincə, elmdə və təhsildə inkişafa nail olmaq üçün bu sahənin düzgün qanuni təməlini hazırlamaq əsas şərtdir. "Təhsil haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi ilə bağlı "Şərq”də danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tibb elmləri doktoru Asim Mollazadə deyib ki, ölkəmizin təhsil sistemində aparılan islahatların hüquqi bazasını yaratmaq olduqca zəruri məsələdir. Deputatın fikrincə, bu işi qısa müddət ərzində yekunlaşdırmaq lazımdır...

- "Təhsil haqqında” qanunun müzakirəsi necə gedir, əsasən hansı məsələlər üzərində işləyirsiz?

- Təhsil prosesinin hüquqi bazasını yaratmaqdan ötrü bir sıra yeni qanunların qəbul edilməsinə böyük ehtiyac var. İlk növbədə məktəbəqədər təhsil sahəsində, orta məktəblərdə, daha sonra isə peşə və ali təhsil müəssisələrində müvafiq qanunların hazırlanması zərurətə çevrilib. Bizim komitədə "Elm və təhsil haqqında” qanunun ümumi müzakirəsi aparılır. Birinci oxunuşda məktəbəqədər təhsillə bağlı qanunlar müzakirələrdən keçib. Bundan başqa, Komitədə peşə təhsili ilə bağlı müzakirələr aparmaq üçün müvafiq işçi qrupu yaradılıb. Artıq işçi qrupu fəaliyyətə başlayıb. Qısa müddət ərzində qrup üzvləri peşə təhsili ilə bağlı qanunu hazırlayıb Komitəyə təqdim edəcəklər.

- Niyə ilk olaraq peşə təhsili verən məktəblər haqqında qanuna üstünlük verilir?

- Çünki hazırda buna daha böyük ehtiyac var. Çalışırıq, ilk növbədə çoxyönümlü peşə təhsilini formalaşdırmaq üçün qanuni baza yaradaq. Ona görə də Məclisin müvafiq komitəsində bu istiqamətdə ciddi iş gedir. Peşə təhsili ilə bağlı qanun hazırlanandan sonra növbə ilə orta və ali təhsil müəssisələri haqqında da müzakirələr başlayacaq. Fikrimcə, ölkəmizin xoşbəxt gələcəyini qurmaq, qüdrətli dövlətə sahib olmaq üçün ilk növbədə hər bir vətəndaşımızın peşə ilə təmin edilməsi istiqamətində ciddi işlər görməliyik. İstənilən halda insan amilini ön plana çəkməliyik. Bu həm də gələcəyin güclü kadr potensialı deməkdir.

- Deməli, xeyli müddət kölgədə qalan peşə təhsil ocaqlarına yenidən diqqət ayırmaq zərurəti yaranıb?

- Əlbəttə, insanlara peşə öyrədən məktəblərin fəaliyyət göstərməsinə böyük ehtiyac var. Mühüm bir şeyi xatırladım. Azərbaycan iqtisadiyyatının şaxələnməsi, müvafiq islahatları həyata keçirmək üçün cənab Prezident tərəfindən "Yol Xəritəsi” təsdiq olunub. "Yol Xəritəsi”nin müvafiq bəndlərində peşə təhsilinə xüsusi yer verilib. Vurğulanıb ki, iqtisadiyyatımızın çoxşaxəli istiqamətdə inkişafı üçün güclü kadrların hazırlanmasına ehtiyac var. Məhz buna görə Təhsil Nazirliyinin nəzdində peşə təhsili ilə bağlı xüsusi idarə yaradılıb. Komitədəki işçi qrupu da qanun üzərində çalışır. Ümidvaram, 2017-ci il ərzində qanunun parlamentdə müzakirəsi mümkün olacaq.

- Sizcə, ən çox təhsilin hansı mərhələsinə diqqət yetirilməlidir, orta təhsil müəssisələrinə, yoxsa peşə və ali məktəblərə?

- Hər üç təhsil sahəsinə ciddi yanaşmaq lazımdır. Biz Azərbaycan gənclərinin müxtəlif peşələrə malik savadlı kadr olmasını və müasir dövrün elmi tələblərinə cavab verən təcrübəli şəxs kimi yetişməsini istəyiriksə, ardıcıl təhsilə fikir verməliyik. Düşünürəm ki, məktəbəqədər təhsildən orta səviyyəyə, peşə təhsilindən ali məktəbə qədər hər elm ocağının rolu mühümdür. Eyni zamanda bu təhsil mərhələləri bir-biri ilə sıx əlaqəlidir, zəncirin halqası kimidir. Davamlı təhsil sistemini qurmalı və inkişaf etdirməliyik. Yalnız bu üsulla Azərbaycanda elm və təhsili inkişaf etdirmək olar.

- Ölkəmizdə ən çox tənqidə məruz qalan sahələrdən biri səhiyyədir. Tibb elminə yaxından bələd olan alim kimi Azərbaycandakı tibbi təhsil sizi qane edirmi?

- Hesab edirəm ki, tibbi təhsillə bağlı ciddi addımlar atılmalıdır. Səhiyyə sistemində köklü islahatlar aparmaq vacibdir. Azərbaycanda müasir tibb təhsilinə sahib olmaq və dərəcəni dünya səviyyəsinə qaldırmaq üçün elmi və praktiki sahədə yorulmadan çalışmalıyıq.

- Orta və ali məktəblər mövzusu müzakirə olunanda gündəmə gələn əsas məsələlərdən biri də repetirorluqdur. 11 illik məktəbi bitirən şagirdin əlavə 1-2 il müəllim yanına getməsini necə dəyərləndirirsiz?

- Məhz elə repetitor mərhələsinin tədricən sıradan çıxması üçün orta məktəbin təhsil sistemini gücləndirməliyik. Ən əsası məktəblərdə verilən dərslərin keyfiyyətini yüksəltməliyik. Əgər buna nail ola bilsək, valideynlər də əlavə xərcdən xilas olarlar.

- Universitetlərdə yenilik kimi tətbiq olunan baloniya sistemi də ciddi tənqidlərə məruz qaldı. Ekspertlərə görə, bu sistem Azərbaycanda özünü doğrultmadı. Siz necə düşünürsüz?

- Əslində sistemin özü normaldır. Lakin təəssüflər olsun ki, ölkəmizdə bu sistem tam oturuşa bilmədi. Azərbaycanın Avropa təhsil sisteminə inteqrasiyası üçün baloniya üsulundan istifadə etməyə məcburuq. Onu da deyim ki, baloniya sistemi sadəcə bizdə deyil, xarici ölkələrdə də tənqidlərə məruz qalıb. Amma sürətli və davamlı təhsil üzərində qurulmuş baloniya tədris forması zaman keçdikcə, ali məktəblərdə bərqərar olub və özünü doğruldub. Ölkəmizdə də bəzi universitetlər baloniya sistemi ilə bağlı müəyyən nailiyyətlər əldə ediblər. Hər halda müasir, savadlı, texnologiya ilə ayaqlaşa bilən gənclər yetişdirmək üçün Qərb dövlətlərinin təhsil proqramlarına yiyələnmək

Hiç yorum yok:

Yorum Gönder