7 Şubat 2017 Salı

Bu müəllimlər sınaq imtahanı verəcək: NAZİRLİKDƏN SƏSLİ-KÜYLÜ AÇIQLAMA

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. Adına "sınaq qiymətləndirilmə” deyilən proses müəllimlərin attestasiyasına hazırlıq xarakteri daşıyır.

Sınaq qiymətləndirilməsinin keçirilməsində məqsəd "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq yüksək nüfuzlu təhsilverənin formalaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını təmin edən yeni sistemin yaradılmasıdır. Bu, təhsil nazirinin imzaladığı əmrin sadəcə, qısa bir hissəsidir, amma bu qısa məlumatdan da görünür ki, əmrdə bir xeyli təmtəraqlı ifadələrə yer verilib.

Qiymətləndirmənin keçirilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb. Bunun üçün gərəkli tapşırıqlar da qeyd edilib. Görüləcək o qədər iş sadalanıb ki; bütün işləyən müəllimlərin ixtisaslar üzrə siyahıları bir həftə müddətində hazırlanmalıdır. Həmçinin mayın 25-dək hər bir ixtisas üzrə test bankı hazırlanmalı, ekspertizadan keçirilməli, müəllimlərin sayına uyğun sual kitabçaları və cavab kartları çap edilməlidir, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq mərkəz, hər bir mərkəz üzrə rəhbər və nəzarətçiləri müəyyənləşdirilməlidir və s.

Sınaq attestasiyanın keçirilməsinin həvalə edildiyi Bakı şəhəri üzrə Təhsil İdarəsi də müvafiq açıqlama ilə çıxış edib. BŞTİ-nin müdir müavini Elnur Əliyev bildirib ki, sınaq qiymətləndirilmələri üç istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında sorğu aparılacaq. Qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin peşə fəaliyyəti stimullaşdırıcı meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaq. E.Əliyev onu da deyib ki, sınaq qiymətləndirilməsində məqsəd kimisə cəzalandırmaq deyil, mövcud durumu bilmək və müəllimlərin səviyyəsini qaldırmaqdır. Qiymətləndirilmədən sonra əmək fəaliyyətinin optimallaşdırılması, yüksək nəticə göstərən müəllimlərin mükafatlandırılması da nəzərdə tutulub. Həmçinin "ətraflı təhlillər aparıldıqdan sonra əməkhaqqının artırılması məsələsinə baxılacaq”.

Müəllimlər üçün sınaq imtahanları test şəklində 4 variant və 80 sualdan ibarət olacaq. Təhsil Nazirliyinin tabeliyində olan 357 məktəbdən 1620 müəllim iştirak edəcək. Təhsil Nazirliyinin tərkibində olan internat məktəblərindən 592 müəllim iştirak edəcək. BŞTİ tabeliyindəki təhsil müəssisələrindən isə 27007 nəfər sınaqdan keçəcək. E.Əliyev əlavə edib ki, müəllimlərin attestasiya məsələsi hazırda gündəmdə deyil, lakin sınaq qiymətləndirilməsindən sonra bunu reallaşdırmaq nəzərdə tutulub.

Təhsil eksperti Nadir İsrafilov isə sınaq qiymətləndirilməsinin keçirilməsinə, əslində, heç bir ehtiyac olmadığını dedi:

- Müəllimlərin attestasiyasını keçirməkdən ehtiyat edirlər, qorxurlar ki, bir çox müəllim attestasiyadan keçə bilməz. Ona görə də attestasiya öncəsi "sınaq” təyin edirlər. Müəllimlərin attestasiyası 2002-ci ildə başa çatmalıydı. Attestasiya ilə bağlı dəfələrlə məsələ qaldırıldı, amma hər dəfə də baş tutmadı. Keçmiş təhsil naziri Misir Mərdanov hətta demişdi ki, qoy birinci həkimlər attestasiyadan keçsin, sonra müəllimlər, biz də təcrübəni öyrənək. Həkimlərin attestasiyası ala-yarımçıq keçirilir, amma müəllimlər yenə qalıb. Attestasiya keçirmək üçün hansısa yeni təcrübəni öyrənməyə heç bir ehtiyac yoxdur. Sovet vaxtı müəllimlər hər 5 ildən bir attestasiyadan keçirilirdi. Nəticələrə uyğun olaraq da müəllimlərə dərəcələr verilirdi, kateqoriyalar müəyyənləşirdi. Nəticədə əməkhaqqının diferensiallaşması baş verirdi, müəllimlərə stimul olurdu. Müəllim nüfuzuna da müsbət təsir edirdi. Müəllimlərə baş müəllim, metodist kateqoriyaları verilirdi. Müəllimlərin təsnifatı aparılırdı. İndi keçiriləcək sınaq qiymətləndirilməsi və ya, sonrakı attestasiya da, eynilə həmin işdir. Sadəcə, bizimkilər son illər yeri gəldi-gəlmədi, lazım oldu, olmadı, Avropa dillərindən alınma sözlərdən istifadə etməyi peşə seçiblər. Hamının dilində "kurrikulum” ifadəsi "bitib”. Nədir bu, kurrikulum? Latın dilindən tərcümədə istiqamət, yol deməkdir. Yəni, təhsilin istiqaməti, proqramı. Bizim təhsilin evini yıxan elə kurrikulum oldu. Dünya Bankı layihələrə pul ayırsın deyə, atıblar bu kurrikulu ortaya, hələ indiyədək onun müsbət bir tərəfini görməmişik. Məlum olan bir işi həyata keçirmək üçün əvvəlinə sınaq artırmaq nəyə lazımdır? Attestasiya qaydaları hazırdır, Nazirlər Kabineti tərəfindən illər öncə təsdiqlənib. Daha bu sınaq nəyə lazımdır? Hesab edirəm ki, bu, tədbir xatirinə, tədbirdir. Və müəllimlərin attestasiyasını sınaq olmadan da keçirmək mümkündü. Özü də bu attestasiyaya ilk növbədə rəhbər pedaqoji kadrlardan başlamalıydılar.

Xeyirdimi, attestasiyadan keçməmiş məktəb direktorları, digər vəzifə sahibləri, idarə müdirləri müəllimləri sınağa çəkir? Onlar özləri imtahan verib ki, indi də müəllimləri yoxlayırlar? Kim aparacaq qiymətləndirməni? Dünən vəzifəyə təyin olunan, heç bir pedaqoji stajı olmayan şəxslər? Baxın, təhsil sahəsindəki yeni təyinatların bioqrafiyasına diqqət etsəniz, görərsiniz ki, onların çoxu təhsillə əlaqəsi olmayan insanlardır. Pedaqoji stajı olmayan şəxslərin pedaqoqları imtahana çəkməsi və obyektiv dəyərləndirmə aparacaqları şübhəlidir. Bu sınaq imtahanlarının çox böyük səs-küyü olacaq. Rüşvət, qohumbazlıq məsələləri ortaya çıxacaq. Bilirsiz, təhsil bir mərkəzdə cəmləşməlidir. Dünya ölkələri artıq çoxdan qəbul imtahanlarında təkpilləli sistemə keçib. Buraxılış imtahanında əldə edilən nəticə qəbul imtahanlarına da şamil olunur. Şagird bir dəfə imtahan verir. Amma bizdə necədir? Şagirdin işi-peşəsi imtahan verməkdi sanki. Oxumaq qalıb bir tərəfdə, hamının dərdi-azarı imtahanlardı. Uşaq neçə dəfə imtahan verər? Bizdə bu istiqamətdə müəyyən addımlar atılmağa başlanılıb. 9-cu siniflərlə bağlı təkpilləli imtahan sistemi artıq tətbiq olunur. Yaxşı olar ki, yaxın zamanda bu sistem 11-ci siniflərə də şamil edilsin. Onsuz da hər iki imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirir. Növbəti ildən dərs günlərinin sayı da artırılacaq. İyun ayının ortalarına kimi dərslər olacaq. Şagird iyun ayının sonunda buraxılış imtahanı verib, iyul ayında yenidən qəbul imtahanına getməli olacaq. Bu, düzgün deyil. Bir halda ki, buraxılış imtahanlarını da, qəbul imtahanını da TQDK həyata keçirir, elə müəllimlərin qiymətləndirilməsini də onlar icra etsinlər. Bütün növ imtahanların, qiymətləndirilmələrin vahid mərkəzdən icra olunması lazımdır. TQDK-nın keçirdiyi imtahanların obyektivliyinə inam daha böyükdür, nəinki öz işçilərini imtahan edəcək Təhsil Nazirliyi strukturlarının. Ona görə də təcili bu məsələlərə yenidən baxılmalıdır.
Faktor.az
Tehsilimizinfo

Hiç yorum yok:

Yorum Gönder